Dövlət “Yuğ” Teatrının 35 yaşı tamam olur

Bu gün, oktyabrın 18-i Dövlət “Yuğ” Teatrı üçün ikiqat yubileydir; bu sənət ocağının 35 yaşı və onun təsisçisi Vaqif İbrahimoğlunun 75 illiyi tamam olur. Bununla yanaşı, teatr yaxın vaxtlarda ayrıca binaya köçməyə ümid edir. Kollektiv bu hadisəni doqquz ilə yaxın gözləyib.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda teatra gələn mədəniyyət naziri Adil Kərimli bu sənəd ocağının Azərbaycan mədəniyyətində xüsusi yerini və ölkəmizi xaricdə uğurla təmsil etdiyini qeyd edib. Nazir teatrın binasının olmamasından narahatlığını ifadə edib (2016-cı ildən “Yuğ” Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyət göstərir). Adil Kərimli vurğulayıb ki, teatrın binası ilə bağlı problem yaxın vaxtlarda öz həllini tapacaq. O, həmçinin bildirib ki, Mədəniyyət Nazirliyi teatr sənətinin inkişafına yönəlmiş təşəbbüsləri və yaradıcılıq təkliflərini dəstəkləməyə hazırdır.

1989-cu il oktyabrın 18-də Vaqif İbrahimoğlu və Həsənağa Turabovun təşəbbüsü ilə Akademik Milli Dram Teatrın nəzdində “Yuğ” teatr studiyası yaradılıb. 1992-ci ildə bu sənət ocağına dövlət teatrı statusu verilib. Yaradıldığı gündən bəri teatrda 100-dən çox tamaşa hazırlanıb. Onun repertuarına həm görkəmli Azərbaycan dramaturqlarının, həm də dünya klassiklərinin əsərləri daxildir. Tamamilə fərqli müəlliflərin pyesləri bu teatrın formatına uyğunlaşdırılır və beləliklə, unikal, bənzərsiz tamaşalar alınır.

Dövlət “Yuğ” Teatrı beynəlxalq və respublika festivallarında uğurla çıxış edir, həmçinin müxtəlif ölkələrin teatrları ilə əlaqələr qurur. Bu gün “Yuğ” Teatrında iki Xalq artisti, dörd Əməkdar artist, bir Əməkdar incəsənət xadimi və iki Əməkdar mədəniyyət işçisi fəaliyyət göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində kollektivin 35 il ərzində keçdiyi yaradıcılıq yolundan bəhs edib, həmçinin bu sənət ocağının təsisçisi Vaqif İbrahimoğlu haqqında danışıb: “Ötən 35 il ərzində teatr bir neçə mərhələdən keçib. Studiya kimi fəaliyyətə başlayıb, sonra dövlət teatrı statusu alıb. Sovet İttifaqının süqutundan sonra “Yuğ” öz mənşəyinə, miflərinə və ayinlərinə müraciət etdi. Teatr, onun poetikası, tamaşaların formatı mübahisələrə səbəb oldu. Həmin formatı hansısa qaydalara sığdırmaq mümkün deyildi”.

Həmsöhbətimiz vurğulayır ki, bu, öz kökümüzə, türk mədəniyyətimizə qayıdış idi, habelə cəmiyyətin özünü tanımasına yönəlmişdi: “Çox vacib bir dövr idi və “Yuğ” zəruri bir fenomenə çevrildi. O vaxt Vaqif İbrahimoğlu öz təcrübələrinə müraciət edirdi. Onları teatrla sintez edərək, tədricən poetikasının konturlarını müəyyənləşdirdi. Akademik Teatrdan öz binasına köçəndən sonra “Yuğ” üçün yeni bir dövr başladı. Vaqif İbrahimoğlu artıq öz poetikası üzərində işləməyə başlayır, burada formalaşırdı. O, rəhmətə gedəndən sonra və 9 il Dövlət Kukla Teatrının binasında fəaliyyət göstərəndə isə teatr üçün başqa bir mərhələ başladı. Biz teatrı təsisçimiz olmadan qoruyub saxlamağa çalışdıq. Həmin poetikanı inkişaf etdirməkdən söhbət gedə bilməzdi, sadəcə olaraq, “Yuğ”-un ayaqda qalmasına çalışmaq lazım idi. İndi biz yenidən poetikamız üzərində işləməyə başlayırıq. Düşünürəm ki, teatrın yeni məna kəsb edəcəyi növbəti, artıq dördüncü dövr fərqli olacaq”.

Rejissor Vaqif İbrahimoğlunun Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfəni xüsusi qeyd edir: “Vaqif İbrahimoğlunun irsi qiymətlidir, çünki onun sayəsində Azərbaycan incəsənətində yeni dalğa yaranıb. O, sənətdə bir çox insanlarla təmasda olub, onlara motivasiya verib. Vaqif İbrahimoğlu yaradıcılığımızı inkişaf etdirmək üçün bizə güc və inam verən ilham mənbəyi idi. O, insanın fərdi yaradıcı inkişafına dəstək verirdi. Buna görə də onun yaradıcılığından ruhlanan çox böyük bir sənətkar qalaktikası öz yolunu davam etdirdi. Təbii ki, Vaqif İbrahimoğlunun təkcə Azərbaycan teatr sənətinə aidiyyəti olmayan bir növ orijinal poetika yaratması əvəzsizdir. “Yuğ” Türk dünyasının digər ölkələrinin incəsənət və mədəniyyətinin inkişafı üçün də çox önəmlidir. Bu poetika və format Türk dünyasının ortaq yaradıcılıq səylərini birləşdirməsi və türk xalqlarının öz mədəniyyətini qiymətləndirməsinə kömək edən bir vasitə ola bilər”.

Teatrın yeni mövsümdə planlarından danışan həmsöhbətimiz mədəniyyət naziri ilə görüşdə aldığı sevindirici xəbərləri xatırladıb: “Mədəniyyət Nazirliyindən çox yaxşı siqnal aldıq. Bu günlərdə mədəniyyət naziri Adil Kərimli teatrımızda olub. Çox məhsuldar görüşümüz oldu, nazir teatrın kollektivi ilə söhbət etdi. O, teatrın hansı şəraitdə fəaliyyət göstərdiyini görürdü və bu, onu çox narahat edirdi. Nazir belə bir şəraitdə fəaliyyət göstərməyin mümkün olmadığını, vəziyyətin yaradıcılıq mühitinə uyğun gəlmədiyini və tezliklə bu problemin həll olunacağını bildirdi. Bu, həqiqətən də bütün kollektivi ruhlandırdı. İndi zəhmətimizin bəhrəsini görəcəyimizə ümidimiz var. Biz həqiqətən də bu hadisənin baş verməsini səbirsizliklə gözləyirik.

Planlara gəlincə, onlar həm çoxsaylı, həm də müxtəlifdir. “Yuğ”-un 35 illik yubileyini qeyd etməyə hazırlaşırıq. Yubiley bu gün deyil, daha sonra geniş miqyasda qeyd olunacaq. Vaqif İbrahimoğlunun A.P.Çexovun əsəri əsasında hazırladığı “Albalı bağı” tamaşasını bərpa edəcəyik. Bu, nadir əsərdir, istəyirəm ki, həmin tamaşa teatrın repertuarında bir növ arxiv materialı kimi qalsın və ondan təsisçimizin yaradıcılığını, poetikasını öyrənmək məqsədilə istifadə olunsun. Bundan əlavə, Vaqif İbrahimoğlunun anadan olmasının 75 illiyi ilə əlaqədar onun poetikasından bəhs edən kitab nəşr etmək istəyirik. Rejissorlarımızın səhnələşdirdiyi yeni tamaşalar da olacaq. Bununla yanaşı, Sandro Axmeteli adına Tbilisi Dram Teatrı ilə birgə layihəmiz var; gürcü baş rejissor tamaşanı “Yuğ”-da, mən isə onların teatrında səhnələşdirəcəyəm. Gələcəkdə bu layihəni inkişaf etdirəcəyik. Bundan əlavə, dramaturgiya festivalında iştirak edəcəyik. Süni intellekt kimi texnoloji imkanlardan istifadə edilən layihələrimiz də olacaq. Axı “Yuğ” təkcə repertuar teatrı deyil, həm də layihə məkanıdır”.