Polşada “Azərbaycanda polyak memarlığının inciləri” adlı sərgi nümayiş olunub

Polşanın Vrotslav şəhərində Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda polyak memarlığının inciləri” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgini açan Vrotslav Şəhər Şurasının sədri Aqneşka Rıbçak multikultural tarixə malik Vrotslav şəhərində müxtəlif ölkələrin çoxsaylı nümayəndələrinin yaşadığını və bunun şəhərin mədəniyyətlərarası mühitinə töhfə verdiyini söyləyib.

A.Rıbçak bu sərginin polyakların Azərbaycanda müxtəlif sahələrə verdikləri töhfələri nümayiş etdirməklə yanaşı, ölkələrimiz arasında əməkdaşlığın tarixi haqqında öyrənməyə imkan yaratdığını qeyd edib. O, gözəl Bakı şəhərində polşalı memarların müəllifi olduqları memarlıq nümunələrini sadalayıb.

Səfir Nərgiz Qurbanova isə Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən bəhs edib, Roma Papası II İohan Pavelin Azərbaycandakı tolerantlıq mühiti barədə fikirlərini dilə gətirib.

O, ölkəmizdə polyak irsindən də söz açıb. XX əsrin əvvəllərində “neft bumu” dövründə Bakı şəhərinin üç baş memarının polyak əsilli (Yozef Qoslavski, Kajimij Skoreviç və Yozef Ploşko) olduğunu bildirib.

Nərgiz Qurbanova, həmçinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında polyakların da iştirak etdiyini diqqətə çatdırıb, AXC Ordusunda Baş Qərargah rəisi olmuş Maçey Sulkeviçin fəaliyyətini xatırladıb. Eləcə də Polşa Ordusu sıralarında xidmət etmiş və hər iki ölkənin müstəqilliyi uğrunda döyüşmüş Vəli bəy Yadigar, polkovnik İsrafil bəy İsrafilov, polkovnik Cahangir bəy Kazımbəyli, polkovnik-leytenant İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu barədə də söz açıb.