İstanbulda Azərbaycan milli geyimləri və xalçaları nümayiş etdirilib

Türkiyədə keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri İstanbulda davam edib.

AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində milli geyimlərimiz nümayiş etdirilib, milli xalçalarımızdan ibarət sərgi açılıb.

Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, qardaş ölkədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal və digərləri ölkələrimiz arasındakı tarixi bağlar və ortaq mədəniyyətimiz barədə danışıblar.

Qeyd edilib ki, iki qardaş ölkənin ortaq dəyərləri və tarixi bağları bütün mürəkkəb dövrlərdə özünü ən gözəl şəkildə göstərib.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulovanın Azərbaycanı bölgələr üzrə təmsil edən 9 qadın geyimi nümayiş olunub.

Tədbir çərçivəsində xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus olan və özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı ikiüzlü xalça (dünyada analoqu yoxdur) sərgilənib.

Həmçinin qonaqlara Azərbaycanın milli kulinariya nümunələri təqdim edilib.

Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirliyimiz, “Xarıbülbül” Vizyon Teatr Birliyi və qardaş ölkənin müxtəlif aidiyyəti qurumlarının dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, mədəniyyətimizin qardaş ölkədə geniş təbliği Azərbaycan Mədəniyyət Mərkəzinin əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə mərkəz tərəfindən Türkiyənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.