Zoomüdafiəçi Fərid Mansurov: Xilas edilən qonur ayılar üçün ayrıca yerləşdirmə mərkəzi olmalıdır

AZƏRTAC zoomüdafiəçi Fərid Mansurovun rəhbəri olduğu “Good World Animal Rescue and Protection” (GWARP) təşkilatının fəaliyyəti barədə bundan əvvəl də məqalə dərc edib. Həmin söhbət əsnasında həmsöhbətimiz sahibsiz itlər və pişiklərin sığınacaqda yerləşdirilməsi, həmçinin Altıağac Milli Parkının ərazisində olan 17 qonur ayı barədə söz açmışdı. Agentliyin müxbiri xilas edilən həmin heyvanlara baş çəkmək üçün Fərid Mansurovla birlikdə Xızıya yollanıb.

- Fərid, hazırda dünyada və ölkəmizdə qonur ayı populyasiyası ilə bağlı vəziyyət necədir?

- Dünyada qonur ayıların populyasiyası yox olmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyət bəbirlər, ağ pələnglər və yaquarlardakı kimi kritik deyil, lakin qonur ayılar nəsli kəsilməkdə olan növlərin Beynəlxalq Qırmızı Siyahısına, Azərbaycanda isə Qırmızı Kitaba daxil edilib. Qonur ayını öldürmək cinayətdir. Əvvəllər ölkəmizdə bu heyvanların sayı çox az idisə, indi onların sayı artıb. Bununla belə, IDEA İctimai Birliyi Azərbaycanda yaşayan nəsli kəsilməkdə olan böyük beşlik növləri ilə bağlı siyahı hazırlayıb. Bu siyahıya qırmızı maral, boz canavar, imperator qartalı, bəbir və qonur ayı daxildir.

Dünyanın və cəmiyyətin ildən-ilə dəyişməsi yaxşı xəbərdir; insanlar təbiətin və nəsli kəsilməkdə olan növlərin qorunmasının nə qədər vacib olduğunu başa düşürlər.

- Ayıların qorunması üzrə fəaliyyətiniz necə başladı?

- 2020-ci ildə qonur ayılarla bağlı vəziyyətin nə qədər çətin olduğunu öyrəndim. Brakonyerlər ana ayıları balaları ilə birlikdə qış yuxusundan oyandıqları və nəslini qorumaq üçün qaça bilməyən bir vaxtda güllələyir, onların dərisini satır, ətlərini qanunsuz olaraq ayı əti təklif edən xüsusi restoranlara verirdilər. Bala ayıları isə 3-5 min manata satışa çıxarırdılar. Həmin vaxt bir ayı balasını xilas etdik, onun satılması xəbərini aldıq. Mən potensial alıcı kimi bu insanlarla əlaqə saxladım və onlardan bala ayını aldım. Bütün prosesi lentə aldıq və dərhal, biz “alış-verişdən” çıxan kimi Daxili İşlər Nazirliyi əməkdaşları satıcıları saxladı. Ayı balasını yerləşdirməyə yer yox idi, ona görə də o, bir il bizim bağçamızda qaldı, böyüdü, artıq 120 kiloqram çəkisi vardı, qapını sındırıb evə girirdi (Gülür). Sonra onu Xızıya, xilas etdiyimiz digər ayıların yaşadığı Altıağac Milli Parkına apardıq.

2020-ci ildə onlardan birini də xilas etdik. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu, Şəkiyə gələn kor ayı idi. Bütün şəhər həyəcanlandı, hamı qorxdu. Hüquq-mühafizə orqanları heyvanı güllələmək istəyib. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ayağa qalxaraq Şəki rayonu İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladı, onlardan dəstək istədi. Birlikdə bu heyvanı birtəhər ram etdik və Altıağac Milli Parkına daşıdıq. Mən ora çatanda, artıq orada iki ayı var idi. Dəhşətli görünürdülər, xəstə və arıq idilər. Xahiş etdim ki, mənə onlara qulluq etməyə icazə verilsin. Balakən, Ağstafa və Mingəçevirdə də ayıları brakonyerlərdən xilas etdik.

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl bu işin təşkilində bizə könüllü olaraq kömək etdi. O, ayılar üçün volyerlər tikib, onlar üçün müəyyən şərait yaradıb. Bundan əlavə, biz qonur ayıları xilas etmək üçün “Four Paws” beynəlxalq təşkilatını cəlb etdik və ötən ildən bəri onun nümayəndələri ayılar üzərində müxtəlif əməliyyatlar aparmaq üçün dəfələrlə ölkəmizə gəliblər.

Məni sevindirən odur ki, brakonyerliyə ciddi zərbə vurulub. Bu yaxınlarda Azərbaycanda brakonyerliklə məşğul olan fəal şəxslər həbs edilib.

- İndi qonur ayıların ölkəmizdə təhlükəsiz şəraitdə olduqlarını söyləmək olarmı?

- Söhbət təkcə onlardan getmir. Brakonyerlər ümumiyyətlə nadir heyvanları ovlayır və növ nə qədər nadirdirsə, ovçular üçün bir o qədər cəlbedicidir. İnanıram ki, ov keçmişin qalığıdır. Əvvəllər bu, zəruri tədbir idi - insanlar ac qalmamaq üçün ov edirdilər. Amma artıq belə bir ehtiyac yoxdur. İndi insanlar heyvanı öldürmək prosesindən həzz almaq üçün ova gedirlər. Bu, təbiətə barbar münasibətdir!

İndi məni təbiətdə yaşayan vəhşi ayılar yox, Altıağac Milli Parkında olan 17 qonur ayı narahat edir. Baxmayaraq ki, indi onların şəraiti əvvəlkindən yaxşıdır, ancaq bu heyvanlara ayrıca yerləşdirmə mərkəzi lazımdır. Heç olmasa vəhşi təbiətə yaxın şəraitdə yaşamaları, özlərini nisbətən azad hiss etmələri üçün müəyyən vəsait ayrılmalıdır.

- Qonur ayıları vəhşi təbiətə qaytarmaq mümkün deyilmi?

- Qonur ayıların vəziyyəti belədir: onlar vəhşi təbiətdən ayrıldıqdan sonra ora qayıtmayacaq, çünki dərhal yeni şəraitə öyrəşirlər. Bu heyvan bir dəfə insanın əlindən yem alırsa, onu təbii həyatına qaytarmaq demək olar ki, mümkün deyil. Elə hallar olub ki, insanlar xilas edilmiş ayıları sadəcə olaraq buraxıb, amma yemək iyini hiss edəndə, onlar kəndlərə gəliblər. Bu cür taleyin ümidinə buraxılan heyvanların aqibəti isə acınacaqlı oldu.

- Belə ayıların balası varsa, onları təbiətə buraxmaq olarmı?

- Bunu da etmək olmaz. Bu balalar vəhşi təbiətdə yaşaya bilməyəcəklər, çünki onlar əsirlikdə, kiçik qəfəsdə doğulub, insanların onlara yaxınlaşmasından qətiyyən qorxmayan analarının davranışını təkrarlayacaqlar. Əgər tam fəaliyyət göstərən mərkəz olsaydı, balaları bərpa etmək olardı. Brakonyerlik olmasa belə, bu, heyvanları xilas etməyin lazım olmayacağı anlamına gəlmir. Elə olur ki, ayı balaları meşədə azıb analarını tapa bilmir, kəndə gəlirlər, insanlar onları tapırlar. Amma onları lazımi şəraitdə saxlasaq, yenə də reabilitasiya şansı olacaq.

Bu məsələ xüsusilə indi, ekologiya və ətraf mühitin mühafizəsinin qlobal məsələlərinin müzakirə olunacağı COP29 kimi mühüm beynəlxalq tədbir ərəfəsində həmişəkindən daha aktualdır.

- Fərid, yəqin ki, vəhşi heyvanlarla işləməyə uyğunlaşmaq lazım gəldi.

- Elə də xüsusi səy göstərmək lazım olmadı. Məsələn, mən ayı qəfəsinə girəndə, çoxları təəccüblənir. Bir ayı xəstələndi və müalicə olunmalı idi. Heç kim ona iynə vura bilmədi, cəsarət etmədilər. Bu müalicəni aparmaq üçün bir neçə günlüyünə Xızıya köçdüm. Mən bu prosedurları necə yerinə yetirməyi və onları sakit şəkildə həyata keçirməyi bilirəm. Dostlarım ayılarla rəftarım barədə bütün videolara baxanda təəccübləndilər və qorxmağımla bağlı sual verdilər. Xeyr, qorxmadım. Böyük itlərdən qorxmadığım kimi, ayılardan da qorxmuram. Onların arasında heç bir fərq hiss etmirəm. Sadəcə başa düşdüm ki, bunu məndən başqa heç kim etməyəcək. Bir dəfə necə oldusa, ayılar qəfəslərindən çıxdılar və onları geri qaytarmaq mümkün olmadı. Sonra gəldim və parkın işçiləri ilə onları içəri apardıq. Prinsipcə, mən bu ayıların çoxunu o qədər yaxşı tanıyıram ki, lazım gələrsə, sakitcə onların yanına gedə bilərəm. İndi bu, mənim üçün adi bir haldır.

- Fəaliyyətinizin vəhşi heyvanlarla bağlı olacağını təsəvvür edirdiniz?

- Bunu heç vaxt düşünmürdüm (Gülür). İnsanların vəhşi heyvanları xilas etməsi ilə bağlı hekayələr məni valeh edirdi. Uşaqlıq illərimdə həmin xilasedicilər mənim qəhrəmanlarım olublar, amma onların yolunu təkrar etməyi xəyal etmirdim. Ancaq artıq sizə dediyimi kimi, 2020-ci ildə həmin kor ayı ilə Altıağac Milli Parkına gələndə və orada anoreksiya şokunun astanasında olan daha iki ayını görəndə, onları xilas etməli olduğumu başa düşdüm.

Altıağac Milli Parkının ərazisinə daxil olan Fərid Mansurov şəxsi heyətlə söhbət edir, sonra ayılarla birlikdə qapalı ərazilərə yollanır. Heyvanlar uzaqdan himayədarlarını görüb sevinclə salamlayır, arxa ayaqları üzərində dayanıb onu qucaqlamaq üçün barmaqlıqların arasından uzanırlar. Onlar bunu yöndəmsiz, lakin inanılmaz dərəcədə təsiredici şəkildə edirlər. Fərid Mansurov qonur ayıların hər birinə yaxınlaşır. O, bu heyvanları adları ilə tanıyır. Bu, heç də təəccüblü deyil, çünki həmin adları göstərdiyi qayğı və sevgi ilə yanaşı onlara özü verib. Fərid bu xeyirxah hərəkətləri həm də daha gözəl gələcək şansı ümidləri ilə edib.