ELM və TƏHSİL: Ornitoloq: Ümid edirəm ki, COP29 çərçivəsində ciddi qərarlar qəbul ediləcək - MÜSAHİBƏ

Təbiətin və biomüxtəlifliyin qorunması müasir dövrün vacib çağırışlarından biridir. Ornitoloqlar bu prosesdə əsas rol oynayırlar. Quşları öyrənirlər, populyasiyalarındakı dəyişiklikləri izləyirlər və onları qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Ornitoloq, müstəqil araşdırmaçı Zülfü Fərəcli AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanda quşların hansı təhdidlərə məruz qalması və onları qorumağın yolları barədə danışıb.

- Sizi ornitologiya sahəsinə nə cəlb etdi?

- Təbiətə uşaqlıqdan marağım olub. Hələ orta məktəbdə oxuyarkən dərsdən sonra eyvanımızda oturar, ətrafdakı quşları izləyərdim. Təqribən 12 il öncə gördüyüm bir hadisə məndəki təbiət sevgisini daha da alovlandırdı. Evimizin önündəki ağaclara qonmuş sərçələrin üzərinə bir yırtıcı quş (qırğı) şığıdı. Sənədli filmlərdə gördüyüm mənzərə gözümün önündə baş verirdi. Beləcə, mən həmin yırtıcı quşun nə olduğunu öyrənməyi qarşıma məqsəd qoydum və ölkəmizin təbiətində rast gəlinən quşları müşahidə etməyə başladım.

- İşinizdə hansı tədqiqat metodlarından istifadə edirsiniz?

- Ümumiyyətlə, dünyada ornitologiyanın müxtəlif tədqiqat metodları var. Bunlardan ən çox istifadə olunanı vizual müşahidədir. Adından da göründüyü kimi, bu monitorinq formasında vizual olaraq (binokl, monoskop kimi optik cihazlarla) quşların müşahidəsi aparılır. Bu işdə önəmli olan, xüsusən çoxalma dönəmində quşların yuvalarına yaxınlaşmamaq və ümumiyyətlə, onların davranışına mane olmamaqdır. Bu cür müşahidə dünyanın ən populyar "vətəndaş elmi" metodlarından sayılır və əldə olunan məlumatlar ornitoloqlar tərəfindən müxtəlif araşdırmalarda istifadə olunur. Bu müşahidə formasının təkmili isə köç, qış, yuvalama (breeding survey), havadan sayımlar (dron, təyyarə və s.) hesab olunur. Məsələn, Siyəzən rayonundakı Beşbarmaq darboğazında hər il köçəri quşların payız sayımını aparırıq. İndiyə kimi 320-dən çox növ və 1,5-2 milyon quşun hər il buradan keçərək köç etdiyini qeydə almışıq. Başqa bir tədqiqat metodu “akustik” müşahidədir. Müşahidənin bu forması quşların səslərini nəzərdə tutur. Bu zaman müxtəlif səsyazma cihazlarından və səs təyinetmə tətbiqlərindən istifadə olunur. Bu metodun üstünlükləri vizual olaraq bənzər, səsləri fərqli olan (silvilər kimi) quşları öyrənmək, gözlə müşahidənin mümkünsüz olduğu vaxtlarda (gecələr) müşahidəni davam etdirməkdir. Qeyd edim ki, növlər arasında səs bənzərlikləri olsa da, hər quşun çıxardığı səslər barmaq izi kimi unikaldır. Bundan əlavə, quşların halqalanması, onlara GPS ötürücülərin taxılması, DNT analizləri (xüsusən eDNT monitorinqi) kimi başqa tədqiqat metodları da var.

- Son illər Azərbaycanda ornitologiya sahəsində maraqlı kəşflər edilibmi?

- Bəli. Ölkəmizin ornitofaunası tam öyrənilməyib. Demək olar, hər il ölkəmizdə yeni quş növləri qeydə alınır. Müşahidəçilərin sayının artması ilə bu məlumatlar arasındakı əlaqə düz mütənasibdir. Yəni quş müşahidəçiləri artdıqca daha çox yeniliklər kəşf olunacaq. Misal üçün, bu il ilk dəfə Abşeron Milli Parkında qara çəkçəki (Saxicola caprata) adlanan növ qeydə alınıb. Vətəni Mərkəzi Asiyadan Şərqə doğru olan bu quş ehtimal ki, Xəzər dənizini keçərək Abşeron Milli Parkına gəlib. Ümumilikdə müşahidəçilər tərəfindən 40-a yaxın yeni quş növü ölkəmizdə qeydə alınıb və faktlaşdırılıb.

- Təcrübənizdən maraqlı bir hadisə haqqında danışardınız.

- Ornitoloji araşdırmalar daim süprizlərlə doludur. Mənim üçün ən maraqlı xatirələrdən biri 2021-ci il sentyabrın 6-da Beşbarmaqda müşahidə etdiyim bozumtul çalağan (Elanus caeruleus) idi. Bundan öncə bu növ cəmi bir dəfə Naxçıvanda müşahidə edilmişdi. Hazırda isə bu növ ölkəmizə yayılmağa başlayıb, hətta bizdə yuvaladığını düşünürük. Bu növün Avropada olduğu kimi Qafqaza Cənubdan gələrək yayılması barədə yazdığım məqalə yaxında Orta Şərq və Qafqazın Ornitologiya Cəmiyyətinin (OSME) “Sandgrouse” jurnalında dərc olunacaq.

- Hazırda quşlar üçün ən böyük təhdidlər hansılardır?

- Ümumiyyətlə, quşlar müxtəlif təhdidlərlə üzləşir. Bunlardan biri onların öz təbii areallarını itirməsidir. Son illərdə Cənubi Qafqazda yalnız Azərbaycanda əkin sahələrinin payı artıb. Məsələn, bunun ölkəmizdə çoxalan torağaylar və ya bizə qışlamağa gələn bəzgək kimi yarımsəhra və çöl landşaftının quşlarına necə təsir etdiyi isə sual altındadır. Bundan başqa, ən böyük təhdid qanunsuz ovçuluqdur. Ölkəmizdə “Qırmızı kitab”da olmasına baxmayaraq, ovlanan onlarla quş növü var. Elə bəzgək bunlardan biridir. Hətta qış aylarında onun yol kənarında açıq satışı həyata keçirilir. Əlavə olaraq quşların üzləşdiyi bir təhdid də iqlim dəyişikliyidir. Biz bir neçə il kimi qısa zaman kəsiyində quşların öz köç vaxtını dəyişdiyini görməyə başlamışıq. Məsələn, bizim folklorda Həccə getdiyinə inanılaraq “Hacıleylək” adlandırılan ağ leyləkləri artıq bəzi bölgələrimizdə hava mülayim keçdiyindən qışda belə görmək mümkündür. Sonda isə onu qeyd edim ki, quşların üzləşdiyi ən böyük təhdidlərdən biri də işğalçı (invaziv) quş növləridir. Ölkəmizdə çox insan bilmir ki, sahibsiz pişik və itlər, yenot, nutriya, yaxalıqlı tutuquşu kimi sonradan ölkəmizə gətirilmiş növlər yerli quşlarımıza və ümumi ekosistemə mənfi təsir göstərir.

- Qoruqlar və milli parklar quşların qorunmasında hansı rol oynayır?

- Quşların mühafizəsindəki metodlardan biri Xüsusi Mühafizə Olunan Təbiət Əraziləridir (XMOTƏ). Qoruqlar və milli parklar XMOTƏ-nin formasıdır. Bu mühafizə tədbirinin, əlbəttə, faydası böyükdür. Məsələn, Qızılağac Milli Parkı ölkəmizin köçəri quşları, xüsusən su-bataqlıq quşları üçün qlobal əhəmiyyətli (Ramsar siyahısındadır) yerdir. Amma mühafizə olunan ərazilərin ümumi sahəsi ölkəmizdə təqribən cəmi 10 faizdir. Bu ərazilərdə də bəzən qanunsuz ovçuluq hallarına rast gəlinir. Əlavə olaraq quşların effektiv mühafizəsi üçün transsərhəd mühafizə tədbirləri çox vacibdir. Məsələn, Gürcüstanla sərhəd zonasında yerləşən Candar gölündə Azərbaycan tərəfdən əhalinin keçidinə icazəyə məhdudiyyət qoyulsa da, Gürcüstan tərəfində qanunsuz ovçuluğa rast gəlinir. Bu hallarda iki dövlət birgə çalışmalı və bu cür landşaftları qlobal təcrübədə olduğu kimi birgə mühafizə etməlidir.

- İnternetdəki məqalələri oxuyarkən “birding rally” haqqında xəbərə rast gəldim. Bildiyimə görə, Azərbaycanda bu cür yarışlar mövcud deyil. Gələcəkdə bu yarışların ölkəmizdə keçirilməsi ehtimalı varmı?

- Azərbaycanda bu cür yarışlar barədə məlumatın azlığı müşahidəçilərin az olması ilə bağlıdır. Lakin onu da qeyd edim ki, ölkəmiz ildə iki dəfə keçirilən “Global Big Day” yarışmasına hər il qatılır. Bu yarışmada məqsəd bir gün ərzində kimin ən çox quşu müşahidə edəcəyini görməkdir. Əlbəttə, ən böyük məqsəd isə əhalinin quşların həyat tərzi barədə məlumatlandırmaq və təbiətə çıxaraq müşahidə etməyə sövq etməkdir. Biz hər il bu yarışmalarda quş müşahidəsi turları təşkil edərək müxtəlif milli parklara gedərək əhaliyə quşlar barədə məlumat veririk.

- İqlim dəyişikliyi quşların miqrasiya yollarına necə təsir edir?

- Yuxarıda qeyd etdiyim kimi, quşların digər bütün canlılar kimi üzləşdiyi təhdidlərdən biri də iqlim dəyişikliyidir. Əlbəttə dəqiq nəticələrə gəlmək üçün uzunmüddətli müşahidələrə ehtiyac var. Ancaq ötən əsrin 70-ci illərinə kimi qırmızıdöş qaz adlanan növün demək olar hamısı qışlamaq üçün ölkəmizə gəlirdi. Həmin dövrdən sonra onlar köç rotasını dəyişərək Avropaya (Bolqarıstan-Ruminiya) gedirlər. Az sayda, fərdi təsadüfi hallarda ölkəmizə gəlib çatır. Bu dəyişikliyin müxtəlif səbəbləri olduğu düşünülür. Bunlardan biri sovet vaxtı irihəcmli pambıq əkinlərinə keçilməsi olub. Həmçinin iqlim dəyişikliyinin də burda rol oynaması istisna olunmur. Son zamanlarda Xəzərin suyunun səviyyəsindəki azalmalar da gələcəkdə quşlara, xüsusən sahil zolağı ilə köç edən növlərə mənfi təsir edə bilər.

- Məlum olduğu kimi, Azərbaycan yaxın zamanda iqlim məsələlərinin müzakirə ediləcəyi genişmiqyaslı COP29 tədbirinə ev sahibliyi edəcək. Burada bir çox problemlər müzakirə olunacaq. Bunların sırasında iqlim dəyişikliliyinin quşların köç, yaşama yerlərinə təsiri barədə mövzulara da çox güman ki, toxunulacaq. Sizcə, bu müzakirələrin nəticəsi olacaqmı?

- Ümid edirəm ki, COP29 çərçivəsində ciddi qərarlar qəbul ediləcək. Ölkəmizin unikal coğrafi mövqeyi və landşaftların müxtəlifliyi bizdə 410-dan çox quş növünün qeydə alınmasına gətirib çıxarsa da, bir çox ərazilər, hətta XMOTƏ də müxtəlif təhdidlərlə qarşı-qarşıyadır. Məsələn, Azərbaycan bu qədər əhəmiyyətli köç rotası üzərində yerləşməsinə baxmayaraq, “Köçəri Növlərin Mühafizəsi Konvensiyasına” (CMS) qoşulmayıb. Qeyd edim ki, dünyada 133 ölkə bu beynəlxalq konvensiyaya qoşularaq öz üzərinə öhdəliklər götürüb. Ölkəmizin də COP29 kimi qlobal tədbirə ev sahibliyi etdiyi vaxtda bu cür biomüxtəlifliyin mühafizəsi üçün nəzərdə tutulmuş konvensiyalara qoşulması və üzərinə konkret öhdəliklər götürməsi müsbət nümunə olacaq.

- Ornitologiyanın gələcəyini necə görürsünüz?

- Qeyd etdiyim kimi, ölkəmizdə bu sahəyə olan maraq o qədər də böyük deyil. Lakin müşahidələrimizə əsasən insanlar bu mövzuya meyillidir, bununla bağlı problemlərin işıqlandırılmasında maraqlıdır. Ümid edirəm ki, gələcəkdə daha çox insan ornitofaunamızın mühafizəsinə can atacaq. Əlbəttə, bunun üçün maarifçilik işləri vacibdir. Məsələn, bu yaxınlarda biz ölkəmizin unikal quş növlərindən bəhs edən “Ən Ən Ən quşlar” adlı uşaqlar üçün kitab nəşr etdik ki, azyaşlı dostlarımız quşlarımız barədə öz dilimizdə olan kitabdan öyrənə bilsinlər. Əlavə olaraq ölkəmizdə daha aktiv məlumatlandırma və monitorinqin aparması önəmlidir. Eyni zamanda, ölkədə yaşıl QHT-lərin formalaşdırılması və sadalanan qurumlara paralel olaraq fəaliyyət göstərməsi üçün şərait yaradılması effektiv mühafizə üçün vacibdir.