Bakıda “Türk dövlətlərinin Etika Forumu-Bakı 2024” adlı sosial-mədəni tədbir keçirilib

Oktyabrın 17-də Bakıda regionda ilk dəfə “Türk dövlətlərinin Etika Forumu-Bakı 2024” sosial-mədəni tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Etika Akademiyası”nın 10 illiyinə həsr olunan tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin, Azərbaycan Respublikası Milli Məclisinin aparıcı şəxsləri, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxışında vurğulayıb ki, “Etika Akademiyası”nın fəaliyyəti milli dəyərlərin qorunması və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Akademiya gənc nəslin Ulu Öndər Heydər Əliyevin irsinə sadiqlik ruhunda tərbiyəsi və cəmiyyətin müxtəlif təbəqələrində etik davranış qaydalarının təbliğ olunması ilə bağlı geniş fəaliyyət göstərir.

Sektor müdiri vurğulayıb ki, forum regional əməkdaşlığı daha da gücləndirərək, türk dövlətləri arasında etik dəyərlərin mübadiləsinə və ümumi etik standartların təbliğinə mühüm töhfə verəcək. O, bu kimi tədbirlərin yalnız akademik dairələrlə məhdudlaşmaması və geniş ictimaiyyəti əhatə etməsi vacibliyini də nəzərə çatdırıb.

Sonra çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, etik davranış qaydalarının qanunlarla tənzimlənməsi və inzibati sistemlərdə tətbiqi, dövlətimizin hüquqi bazasının daha da güclənməsinə xidmət edir. “Amma unutmayaq ki, həqiqi etik dəyərlər yalnız qanunlarla deyil, cəmiyyətin öz daxilindən gələn və əsrlər boyu formalaşan normativ davranış qaydaları ilə təmin olunur”, - deyə o əlavə edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında türk dövlətləri arasındakı əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb: “Bu, regionumuzun güclənməsi və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bir ailəyik və bu ailənin təməli əsrlərdən gələn ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimizdir. Bizim başqa bir ailəmiz yoxdur və bu birlik bizi daha güclü edir”.

Forumda digər çıxış edənlər türk dövlətləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, birliyin daha da gücləndirilməsi üçün müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyinə toxunublar. Onlar, həmçinin etik dəyərlərin və insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafındakı roluna diqqət çəkiblər.