“Rasim Ocaqov” təqaüdünə layiq görülmüş növbəti namizədin adı açıqlanıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti namizədinin adını açıqlayıb.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, bu il həmin təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 3-cü kurs tələbəsi, Vətən müharibəsi qazisi Məmmədəli Əbilov layiq görülüb.

Məmmədəli Əbilov 2023-cü ildə “Cinemoff” Beynəlxalq Kino Festivalının qalibi olub. Onun smartfonla çəkdiyi sosial çarx festivalda birinci yeri tutub.

Xatırladaq ki, AKİ-nin İdarə Heyətinin qərarı ilə 2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü ADMİU-nun audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub. Ötən illərdə bir neçə tələbə bu mükafatı alıb.