“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

Türkiyənin Antalya şəhərində keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın “Versetech” komandası “Teknofest 2024”ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan komandamız birinci yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.