Qalib komanda ABŞ-də keçiriləcək finalda Azərbaycanı startap ideyası ilə təmsil edəcək

Sentyabrın 19-da Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi ölkəmizdə ilk dəfə olaraq Technovate-SABAH Mələk İnvestorlar Klubunun təşkilatçılığı ilə ADA Universitetində təşkil olunub.

Trend-in məlumatına görə, qlobal arenada ən nüfuzlu startup yarışmalarından biri hesab olunan yarış investorları, şirkət rəhbərlərini, startup təsisçilərini və bir sıra dövlət rəsmilərini bir araya gətirərək Azərbaycanda startap və investisiya ekosisteminin inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

Technovate İnvestments şirkəti və Mələk İnvestorlar Klubunun təsisçisi Fərid İsmayılzadə açılış nitqi ilə çıxış edərək bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını və bu sahələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirin təşkilatçısı olan Technovate-SABAH Mələk İnvestorlar Klubunun icraçı direktoru Alya Abbaszadə son 1 il ərzində Klubun gördüyü işlər, əldə olunmuş uğurlar və gələcək hədəflərlə bağlı bir sıra məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də tədbirdə çıxış edərək ölkədə startapların inkişafında universitetlərin rolunu vurğulayıb. Daha sonra Startaplar üzrə Dünya Çepionatının səfiri Federiko Altepost çıxış edərək sözügedən qlobal yarışmada ilk dəfə olaraq Azərbaycanın da iştirakını yüksək qiymətləndirmiş və ABŞ-də keçiriləcək final mərhələd ilk dəfə olaraq Azərbaycan startapının iştirakını görməkdən məmnunluğunu ifadə edib.

Tədbirin qonaqları arasında yer alan ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri cəbab Mark Libby də çıxış edərək bu tədbirin Azərbaycanda qlobal ideyalı startapların sayının artmasında, eləcə də yerli startapların qlobal təcrübələrdən öyrənilməsində böyük rola sahib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövlərdə startap, investisiya və innovasiya sahələrində atılan addımlar, istər ölkə, istərsə də regional və qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlara toxunub və bu kimi tədbirin ölkədə keçirilməsinin görülən işlərin daha da sürətləndirdiyini qeyd edib.

Gallery