Türk Dil Qurumunun rəhbəri: Ortaq yazı mədəni birliyin ilk şərtlərindəndir

Ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları təhsildən iqtisadiyyata, siyasətdən ədəbiyyata qədər bir çox sahədə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq. Bu, təkcə Türk dünyasının deyil, dünyanın və bölgənin gələcəyinə dərindən təsir edəcək bir addımdır. Ortaq yazı mədəni birliyin ilk şərtlərindəndir. Ortaq əlifba ilə Türk dünyasında birlik, həmrəylik və əməkdaşlığın daha da güclənəcəyinə inanıram.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Türk Dil Qurumunun (TDK) rəhbəri professor Osman Mert bildirib.

Sentyabrın 9-dan 11-dək Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təşəbbüsü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılığın əldə edildiyini xatırladan TDK rəhbəri deyib: “Türk dünyasında əlifba birliyi məsələsi yeni deyil. Ortaq türk əlifbası 1926-cı ildən yaddaşlarda olan, lakin uyğun vaxtı gözləyən bir layihə idi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaydan sonra SSRİ-nin dağılması ilə 1991-ci ildə Türkiyənin Mərmərə Universitetində əlifba seminarı keçirilib və 34 hərflə bağlı razılıq əldə olunub. Lakin bununla bağlı rəsmi heç bir iş görülməyib. İlk rəsmi addım olaraq iki il əvvəl Bursada TDT çərçivəsində ortaq əlifba ilə bağlı toplantı keçirilib. İclasda TDT çərçivəsində Türk Dünyası Ortaq Əlifba Komissiyasının yaradılması qərara alınıb. Bu komissiya ilk iclasını Astanada, ikinci və üçüncü toplantısını isə Bakıda keçirib. Lakin bu arada bir çox rəsmi və qeyri-rəsmi görüşlər də təşkil edilib. Bu görüşlərdə ümumi prinsiplər razılaşdırılsa da, təfərrüatlarda müəyyən çətinliklər yaranıb”.

İlkin mərhələdə “yalnız fərqli səsləri qeyd etmək”, “eyni səslərin eyni işarələrlə ifadə edilməsi” və “hər bir ləhcənin özünəməxsus səs fərqlərini nəzərə almaq”la üç əsas prinsipin razılaşdırıldığını qeyd edən professor bildirib ki, bu prinsiplər üçün bələdçi rolunu oynayıb və nəticədə ortaq əlifba baxımından mühüm irəliləyiş əldə edilib. Bu, hansısa ləhcənin istifadə edəcəyi əlifba deyil, bir çərçivə əlifbasıdır, yəni bütün dialektlərin istifadə edəcəyi hərflərin cəmindən ibarət hərflərin siyahısıdır.

“Ortaq türk əlifbası sayəsində Balkan ölkələrindən yola çıxan bir türk yalnız türkcə danışaraq deyil, həm də türk ləhcələrində yazılanları oxuyaraq Altay dağlarına qədər səyahət edə biləcək. Bu əlifba türk dövlətləri arasında təhsildən iqtisadiyyata, texnologiyadan diplomatiyaya qədər bir çox sahədə əlaqələri gücləndirəcək və ortaq gələcəyin qurulmasına töhfə verəcək”, - deyə Osman Mert qeyd edib.

Qəbul edilən yeni əlifba ilə bağlı türk dövlətlərində mövcud əlifbanın dəyişməsi ehtimalına toxunan professor deyib: “Türkiyə və Azərbaycanda mövcud əlifbada heç bir dəyişiklik olmayacaq. Biz digər ləhcələrlə ortaq olan 29 hərfdən istifadəni davam edəcəyik. Bununla bağlı bəzi spekulyasiyalar yarandı. 34 hərfdən ibarət siyahı Qazaxıstan, Qırğızıstan və Özbəkistanın əlifbalarında mövcud olan hərflərin cəmidir, lakin bu, əlifba deyil, siyahıdır. Hər ləhcə yalnız ehtiyac duyduğu hərflərdən istifadə edəcək, ortaq 29 hərf isə eyni qalacaq”.

O qeyd edib ki, Türkiyə türkcəsində olmayan, lakin başqa ləhcələrdə mövcud səslərin hərfləri siyahıya daxil edilməli idi və edildi. Ona görə də bu, heç bir ləhcənin əlifbası deyil, bütün dialektlərdə istifadə olunan və razılaşdırılan çərçivə əlifbasıdır.