“ABAD” işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub

“ABAD” publik hüquqi şəxsinin direktoru Rüfət Elçiyev Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərlə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat edilib. Həmin ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri diqqətə çatdırıb. Həmçinin, yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırılıb.

Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.

Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıb. Onların “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcək.

Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.

Gallery