Tbilisi, 20 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər təhsil və elm sahəsində mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Azərbaycanın səfirinə səmərəli əməkdaşlığa görə təşəkkür edib və Gürcüstanla Azərbaycan Respublikası arasında uzunmüddətli sıx tərəfdaşlığın mövcud olduğunu bildirib.
Səfir Faiq Quliyev Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, bu sahədə qarşılıqlı əməkdaşlığın hər iki tərəfə səmərə verəcəyini bildirib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər təhsilin bütün səviyyələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.