Bakı, 5 aprel, AZƏRTAC
Türkiyənin daha iki mədəni irs obyekti UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilmək üçün nominant seçilib.
DHA Press Türkiyə kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi elan edib.
Söhbət ənənəvi türk musiqi aləti olan tulumun hazırlanması və onda musiqi ifa edilməsi sənətinin Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, habelə “Altıneller (“Qızıl əllər”) festivalının Təcili mühafizə olunmasına ehtiyac duyulan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən gedir.
Hazırda Türkiyə UNESCO qeyri-maddi mədəni irs siyahılarında qeydiyyata alınmış mədəni irs obyektlərinin sayına görə (25 obyekt) dünyada üçüncü yeri tutur. Keçən il bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi daha 5 mədəni obyektin UNESCO siyahılarına daxil olunmasını təklif edib. Əgər Türkiyə nazirliyinin planları həyata keçirilərsə, cari ilin dekabr ayında Türkiyənin UNESCO tərəfindən qeydiyyata alınmış mədəni irs obyektlərinin sayı artaraq 30-a çatacaq. Bu, Türkiyənin UNESCO siyahılarında mədəni irs obyektlərinin sayı ən çox olan ölkələrin reytinqində dünya üzrə ikinci yerə çıxmasına imkan verəcək.