Qarabağdakı qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir - Hikmət Hacıyev

Bakı. Trend:

Qarabağdakı qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" (Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda unundan mənşəyinə (Azərbaycan) görə imtina qanunsuz marionet rejimin dəstəklədiyi irqçiliyin təzahürüdür. Azərbaycan artıq öz öz ərazisində "boz" nəzarət olunmayan zonanın olmasına göz yuma bilməz. Qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir", - o yazıb.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq təminatı təşkil edib. Başlanğıc mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması planlaşdırılır. Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olurlar.