Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, ilk dəfə olaraq ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarışlar keçiriləcək.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə martın 16-17-də təşkil olunacaq birincilikdə qaliblər diplom və medallarla mükafatlandırılacaq.