“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə 68 ailə (373 nəfərin) köçürülməsi təmin olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən bildirilib.
Ballıca kəndində keçmiş məcburi köçkünlərin məskunlaşması, rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Yenidən bərpa olunan kənddə zəruri sosial-texniki infrastruktur qurulub. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internetlə təmin edilib. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir.
Ballıca sakinləri yaşadığı evin həyətyanı sahəsində yardımçı təsərrüfat qurub, meyvə ağacları becərir, ev quşları və mal-qara saxlayır.
Qeyd edək ki, Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində hər bir dövlət qurumu verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri həyata keçirilir.