Oksigen balonunun partlaması iddiası, maraqlı tərəfdən verilən məlumatdır - Rəşad Nəbiyev

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib", - nazir əlavə edib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.