Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlik yaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadə mümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərinin imtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülürin çox hissəsi imtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, indiyə qədər imtahanlarda 5256 iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox, iştirak sayı) qeydə alınıb.

Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldə edib.

Trend-in sorğusuna cavab olaraq “Bolt” taksi şirkətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşıma xidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərin istifadəsi qadağandır.

"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdən çıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davam etsə də, təklifin azalması gününı pik saatlarında gözləmə müddətlərinin artmasına səbəb ola bilər", – deyə əlavə edilib.

 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov taksi xidmətləri ilə bağlı yaranan problemi Trend-ə şərh edərkən bildirib ki, taksilərlə bağlı məsələ yenə gündəmə qayıdıb.

"Burada əsas məsələ ondan ibarətdir ki, taksilərin fəaliyyətində hər hansı bir yenilik və güzəşətlər olacaq mı?

Hazırda taksi fəaliyyətinin tənzimlənməsi keçid dövrü yaşayır. Qanunvericinin mükəmməlləşdirilməsi, o cümlədən, qanunvericiliyin tələblərindən yaranan çətinliklərin həlli, sərnişinlər arasında diskriminasiyaların aradan qaldırılması kimi məsələlər qısa müddətdə baş verəcək proseslər deyil.

Bunlar vaxt aparan proseslərdir. Ona görə də bu və digər formada proseslərə müəyyən dərəcədə yeniliklər qataraq, müəyyən işlərin görülməsi gələcək işlər sırasına daxildir", – deyə o vurğulayıb.