Bakı, 12 iyul, AZƏRTAC
ABŞ-ın dövlət katibi Entoni Blinken NATO sammitində iştirak etmək üçün gəldiyi Litvanın paytaxtı Vilnüsdə MSNBC telekanalına verdiyi müsahibədə Türkiyəyə F-16 təyyarələrinin tədarükü və bunun ABŞ Konqresi tərəfindən təsdiqlənməsi ilə bağlı sualları cavablandırıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dövlət katibi Türkiyənin bu təyyarələri almasının ABŞ və NATO-nun maraqlarına uyğun olduğunu bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bunu bütün alyans daxilində edir və ittifaqı mümkün qədər güclü etmək üçün bütün üzv ölkələr lazımi texnologiyaya malik olmalıdır.
Entoni Blinken Konqresin hər iki qanadının Ankaraya F-16 təyyarələrinin satışı ilə bağlı etirazlarının necə aradan qaldırılacağı ilə bağlı suala cavabında deyib: “Bunlar bizim üçün hər zaman ayrı-ayrı mövzular olub. İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin irəliləməyi qəbul etməsi ilə davam edir. Türkiyənin F-16-ları modernləşdirməsi də bu rəhbərliyin siyasətidir”.
Dövlət katibi müsahibəsində vurğulayıb ki, Türkiyə NATO-nun müttəfiqidir. “Bütün NATO-nun birlikdə çalışması, Türkiyənin bu texnologiyaya sahib olması vacibdir”, - deyə o əlavə edib.