Bakıda memarlıq çox gözəl və tarixidir. Biz burada olmaqdan məmnunuq. Yaşıl enerji baxımından, Azərbaycanın günəş panelləri və hibrid avtomobillərlə, eyni zamanda, qazdan başqa alternativ enerji mənbələri ilə yaşıllaşdığını gözəl addım kimi görürük.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-un iştirakçısı, Kaliforniyada fəaliyyət göstərən "Loving Hut" beynəlxalq vegan restoranının nümayəndəsi Brenda Veyn deyib.
O bildirib ki, "Loving Hut"un 30 ölkədə 100-dən çox restoranı var. “Biz 100 faiz bitki əsaslı, vegan qidalarla hazırlanmış məhsullar təqdim edirik. Bitki mənşəli qidalardan istifadənin hazırda iqlim dəyişikliyi problemini həll etmək yollarından biri olduğuna inanırıq. Çünki bu iş qazı azaltmaqdan daha sürətlidir. Bu, hər kəsin edə biləcəyi ən yaxşı yoldur”, - deyə kaliforniyalı nümayəndə diqqətə çatdırıb.