Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılır

Dörd il əvvəl - 2020-ci ilin sentyabrında Azərbaycana payız bir başqa cür gəldi. Payızın ətrini barıt qoxusu əvəz etdi, göydən yağış deyil, güllələr, mərmilər yağmağa başladı, gənclər evlərinə deyil, cəbhəyə doğru yol almağa, yurd-yuvasını itirənlər öz doğma ocaqlarına tələsməyə başladılar. Sentyabrın 27-dən başlanan yol addım-addım, pillə-pillə qət edilərək noyabrın 8-də Şuşada tamamlandı. Əli, ayağı yalın keçdiyimiz yolları əlimizdə silah, tanklar üstündə, üçrəngli bayrağımızı sinəmizdə daşıyaraq keçdik.

Cəmi 44 günə tarix kitabları yenidən yazıldı...

Lakin 44 gündə Vətən adlı bağın 2900-dan çox yarpağı solaraq torpağa düşdü...

Üç il sonra isə 24 saat tamamlanmadan tamamlandıq. Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə üçrəngli bayrağımızın ay-ulduzu gecə-gündüz parlamağa başladı. Artıq bütöv Azərbaycanın səması aydınlanmış, göylərə çəkilən bayrağımızın rəngləri ilə al-əlvan olmuşdu...

Bütün dünya “44+1” gün ərzində ən hündür nöqtəyə - Zəfər zirvəsinə dırmaşaraq şanlı bayrağımızı sancan əsgər və zabitlərimizin qəhrəmanlığını heyranlıqla izləməli olmuşdu.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü təxminən bir qərinə ərzində bu yolda ömrü xəzəl olan qəhrəmanlar ilə keçirmək üçün ölkənin dörd bir yanında yerləşən Şəhidlər xiyabanlarına axışır, onların məzarlarını ziyarət edir, dərin minnətdarlıq və ehtiramını ifadə edir.

Bakıdakı Birinci və İkinci Şəhidlər xiyabanlarında şəhidlərin son mənzillərini qərənfillər, qızılgüllər bəzəyir.

Yeddidən yetmiş yeddiyə hər kəsin vəfa borcunu yerinə yetirmək üçün üz tutduğu müqəddəs and yerlərimizdə izdiham yaşanır. Şəhidlərin ailə üzvləri, müharibə veteranları, qazilər, ictimaiyyət və dövlət nümayəndələri... Azərbaycan xalqı günə Qələbəmiz naminə şirin canını qurban edənləri yad etməklə, onların əmanətləri ilə acılarını bölüşməklə başlayıb.

Qürur, hüzn, kədər - bütün hisslərin bir anda yaşandığı məkanları ziyarət edən balacalar Zəfər tariximizə canlı-canlı şahid olur və öyrənirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.