FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. “Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, - deyə nazirlikdən bildirilib.