İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilmişdir.
Trend xəbər ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 20,0 ha yeni yaşıllıq sahəsi salınmışdır.
"Hazırda Cəbrayıl rayonu ərazisində 30,0 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.
Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi dinamikasına uyğun olaraq, Cəbrayıl rayonu ərazisində 26,0 ha, Zəngilan rayonu ərazisində 42,0 ha və Füzuli rayonu ərazisində 2,0 ha meşə fondu sahəsində əkin və səpin işləri aparılmışdır.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə meşəbərpa layihələrinə uyğun olaraq, Zəngilan rayonunda 85 ha, Qubadlı rayonunda 35 ha və Cəbrayıl rayonunda 45 ha meşə fondu sahəsində torpaq hazırlığı işləri yekunlaşdırılmış və ilin sonunadək bu ərazilərdə əkin və səpin işlərinin aparılması planlaşdırılır.
Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə fondu sahələrində nümunə sahələri müəyyənləşdirilmiş, seçmə üsulu ilə bu sahələrə baxış keçirilmiş və həmin meşələrin taksasiya elementləri (ağac növləri, sayı, yaş qrupu) öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunmuşdur.
Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı müvafiq işlər aparılır", - deyə o qeyd edib.